Analena Berbok - Növbəti 80 il üçün öhdəliyimiz yalnız problemlərin aradan qalxacağına ümid etmək deyil, onlarla mübarizə aparmaq üçün güc tapmaqdır, biz doğru yolu seçməliyik
Dağıdılmış ölkələr, 70 milyondan çox insanın ölümü, bir nəsildə baş vermiş iki dünya müharibəsi, Holokostun təsəvvürəgəlməz dəhşəti və müstəmləkəçilik altında olan 72 ərazi – 80 il əvvəlki dünyamız belə idi. Ümidsiz bir dünya ümid qığılcımına sarılmışdı, cəsur liderlər bizə bu ümidi BMT Nizamnaməsi vasitəsilə verdilər, – bu barədə BMT Baş Assambleyasının prezidenti Analena Berbok bəyan edib.
BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Berbok bildirib ki, bu gün hər kəs keçmişin çətin dərslərini xatırlamalı və düzgün yol seçməlidir.
“Nənə və babalarımızda insanpərvərlik, ləyaqət və – deməyə cürət edirəm – müdriklik var idi ki, fikir ayrılıqlarını, şəxsi maraqları, inciklikləri bir kənara qoyub birgə işləyə bilsinlər. Biz isə yol ayrıcında olanda, onlar bizə yolu – ümid yolunu göstərirlər. Ümid kor optimizm deyil, bu, hər şeyin yaxşı olacağına zəmanət də deyil. Bu, doğru olanı etdiyimizə dərin inamdır – uğur qazanacağımıza əmin olmasaq belə. Hazırda doğrudan da çətin zamanlardayıq. Biz belə bir yol ayrıcında dayanmışıq. Qəzza bölgəsində valideynsiz qalan, yemək axtaran uşaqları, Ukraynada davam edən müharibəni, Sudanda baş verən cinsi zorakılığı, Haitidə insanlara dəhşət saçan silahlı dəstələri, internetdə yayılan nəzarətsiz nifrəti və dünyanın dörd bir yanında baş verən daşqınları, quraqlıqları görürük. Belə bir dünya nəzərdə tutulmuşdumu bizim Nizamnaməmizdə? Biz çətin dərsləri yenidən öyrənməliyik.
Bu gün biz bayram etmirik, amma çətin dərsləri xatırlayırıq və uyğunlamşaq əvəzinə bir daha ümid tapmaq üçün cəsarət toplayırıq. Biz bu formanı, ötən 80 ilin mükəmməl keçdiyinə görə yox, bu 80 il ərzində düzgün yolu seçmək üçün göstərdiyimiz səylərə görə və dünyaya birlikdə daha yaxşı ola biləcəyimizi göstərmək üçün seçməliyik. Bu bina daha yaxşı bir gələcək üçün, bizim ortaq ümidlərimizin bir abidəsidir. Bəli, aramızda fikir ayrılıqları olub, mübarizələr aparmışıq, amma eyni zamanda birgə uğurlar da qazanmışıq. Məhz buna görə bu sessiyanın mövzusu belədir – birlikdə daha yaxşıdır. Bizim öhdəliyimiz növbəti 80 il üçün yalnız problemlərin aradan qalxacağına ümid etmək deyil, həm də onlarla mübarizə aparacaq gücü tapmaqdır. Çətin seçimlər qarşısında birlikdə daha düzgün və məqsədyönlü addımlar atmalıyıq. Bunu, müharibənin ən ağır anlarında belə təslim olmayan insanlar naminə etməyə borcluyuq”, – deyə Berbok bildirib.