Amerikanın Müharibələrin Tədqiqi İnstitutundan verilən məlumatda ukraynalı hərbçilərin Rusiya qüvvələrini Baxmut yaxınlığında uzun müddət saxladıqları mövqelərdən çıxardıqları deyilir

10:21, 20.12.2022

 

Ukraynalı hərbçilər Rusiya qüvvələrini Baxmut yaxınlığında uzun müddət saxladıqları mövqelərdən çıxarıblar. Bu barədə Amerikanın Müharibələrin Tədqiqi İnstitutu məlumat yayır. Onların verdiyi məlumatda Baxmut şəhərinin kənarında, eləcə də şəhərin şimal-şərqində və cənubunda şiddətli döyüşlər getdiyi deyilir.

Baxmut Rusiya işğalçı qüvvələrinin bir neçə aydır ələ keçirməyə çalışdığı Donetsk vilayətində yerləşən strateji əhəmiyyətli şəhərdir.

Bundan əlavə, Amerikanın Müharibələrin Tədqiqi İnstitutunun dekabrın 18-nə olan hesabatında qeyd olunduğu kimi, Ukrayna tərəfi iddia edir ki, Rusiya qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilindən bölmələri yenidən qruplaşdırır, lakin onların geri çəkilib-çəkilməyəcəyini söyləmək hələ tezdir.

Eyni hesabatda qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Yakovlivka qəsəbəsinin ələ keçirilməsi barədə məlumat yayır.

Amerikalı hərbi ekspertlərin göstəricilərinə görə, Rusiya qüvvələri və işğalçı rejim tibbi personal və materialların kəskin çatışmazlığından əziyyət çəkir.

Oxşar