Almaniyada məktəb şagirdləri yeni hərbi xidmət qanununa qarşı etiraz aksiyası keçiriblər
Almaniyada məktəb şagirdləri yeni hərbi xidmət qanununa qarşı etiraz aksiyası keçiriblər.
Almaniyanın 90-a yaxın şəhərində nümayişlər keçirilib. Berlin polisinin göstəricilərinə görə, səhər saatlarında Berlində 800-ə yaxın insan toplaşıb və günün sonunda Almaniya paytaxtında bir neçə min nümayişçi olub.
Bununla yanaşı, Almaniyanın müdafiə naziri Boris Pistorius məktəb şagirdlərinə müraciət edib.
“Hər bir insan hər şeyə etiraz edə bilər. İfadə azadlığı demokratiyamızın əsas nailiyyətlərindən biridir. Bizim bütün həyat tərzimiz bir hədiyyədir, lakin onu hər gün qorumalı olduğumuz bir hədiyyədir. Əgər gələcəkdə də belə yaşamaq istəyirsinizsə, o zaman bunun üçün mübarizəyə hazır olmalısınız. Nə demokratiya, nə də dövlət özü özünü qoruya bilməz. İnsanlar bunu keçmişdə olduğu kimi etməlidir”, – Pistorius sosial şəbəkədə dərc olunan videomüraciətində qeyd edib.
Məlumat üçün bildirək ki, Almaniya Bundestaqı hərbi xidmətlə bağlı yeni qanunu təsdiqləyib. İslahat silahlı qüvvələrin sayının artırılmasını və NATO çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunmasını nəzərdə tutur. İslahatın məqsədi 2035-ci ilə qədər ölkənin ordusunda fəaliyyət göstərən hərbi qulluqçuların sayını 80 000 nəfər artırmaq və ümumi sayını 260 000-ə çatdırmaqdır. Ehtiyatda olanların sayı isə 200 000 olmalıdır. İslahat çərçivəsində 2008-ci ilin yanvarın 1-dən sonra doğulmuş bütün kişilər tibbi müayinədən keçəcəklər.