Almaniya vitse-kansleri - Donald Trampın məsləhətinə ehtiyacımız yoxdur, o, səbəb olduğu qarışıqlığa baxmalıdır
Donald Trampın məsləhətinə ehtiyacımız yoxdur. O, səbəb olduğu qarışıqlığa baxmalıdır, – bu barədə Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib.
Almaniya hökumətinin nümayəndəsinin sözlərinə görə, Donald Tramp İranla ciddi sülh danışıqlarının aparılmasını təmin etməlidir.
Klinqbeyl həmçinin Trampın İrana qarşı strategiyasını tənqid edib.
“Düşünürəm ki, o, həqiqətən də bunun iki-üç günlük məsələ olduğunu və sonra hər şeyin yaxşı olacağını düşünürdü”, – deyə Lars Klinqbeyl bildirib.
Almaniya maliyyə nazirinin sözlərinə görə, Trampın müharibəni tez bir zamanda bitirmək məsuliyyəti var. Klinqbeyl həmçinin Avropanın iqtisadi gücünün vacibliyini vurğulayıb.
“Biz istəmirik ki, Donald Trampın bu gün və ya sabah hansı əhval-ruhiyyədə olmasından asılı olaq”, – deyə Almaniyanın vitse-kansleri bildirib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp 28 apreldə Almaniya kansleri Fridrix Merts haqqında bəyna edib: “Fridrix Merts İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünür. O, nə danışdığını bilmir. Təəccüblü deyil ki, Almaniyanın vəziyyəti bu qədər pisdir”. Donald Tramp 30 aprel tarixində də Fridrix Merts ilə bağlı bəyanat yayıb və qeyd edib ki, “Almaniya kansleri Rusiya–Ukrayna müharibəsinə daha çox vaxt ayırmalı və öz dağılmış ölkəsinin bərpası ilə məşğul olmalıdır”.