Almaniya Ukraynaya 22 ədəd “Leopard 1 A5” tankından ibarət yeni hərbi yardım paketi verib
Almaniya Ukraynaya 22 ədəd “Leopard 1 A5” tankından ibarət yeni hərbi yardım paketi verib. Bu haqda məlumatı Almaniya hökuməti yayır.
Ukrayna həmçinin 60 mindən çox 155 mm çaplı mərmi, “Bandvagn 206” tipli beş ədəd hər yerdə hərəkət edə bilən nəqliyyat vasitəsi, “Warthog” yolsuzluq nəqliyyat vasitəsi, “GEPARD”ın üç zenit qurğusu, 10 pulemyot, onlarla kəşfiyyat pilotsuz uçuş aparatı, altı ədəd minatəmizləyən avtomobil, 100-dən çox avtomobil, o cümlədən yük maşınları, mikroavtobuslar və hər yerdə hərəkət edə bilən nəqliyyat və digər hərbi texnika alıb.
Rusiya tərəfindən genişmiqyaslı müharibə başlayandan sonra Almaniya Ukraynaya 5,2 milyard avro həcmində hərbi yardım göstərib, 10 mindən çox ukraynalı əsgər isə Almaniyada təlim keçib.
Bununla yanaşı, Almaniya hökuməti yaralı ukraynalı əsgərlərin müalicəsi üçün əlavə 50 milyon avro ayrıldığını açıqlayıb.