Almaniya səfiri Barbara Foss – Ölkələrimiz arasında mövcud olan əlaqələrə heyranam, qadın və azlıqların hüquqları, mədəniyyət və iqtisadiyyat sahələrində fəaliyyətimi davam etdirmək istəyirəm
Almaniyanın Gürcüstandakı səfiri Barbara Foss ölkələrimiz və insanlarımız arasında mövcud olan əlaqələrə heyran olduğunu bildirib. Almaniya səfiri bu barədə Almaniya səfirliyinin yaydığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, o, Gürcüstanda qadın haqları, mədəniyyət və ətraf mühitin mühafizəsi sahələrində aktiv fəaliyyətini davam etdirmək istəyir.
“Burada olduğuma görə çox şadam. Ofisimi qurmağa lap yaxınlarda başlamışam. Əvvəlki iş yerimdən – Hindistandan müxtəlif əşyalar gətirmişəm. Məsələn, köhnə hind donlarından (sari) təkrar emal olunaraq tikilmiş çox gözəl çantalar. Orada qadınların, qızların və azlıqların hüquqlarını aktiv şəkildə müdafiə edir, həmçinin rəngarənklilik və ətraf mühitin qorunması istiqamətində də çox işlər görürdüm. Məhz bu sahələrdə burada da aktiv fəaliyyətimi davam etdirmək istəyirəm.
Ölkələrimiz və insanlarımız arasında mövcud olan təmaslara və əlaqələrə heyranam. Məsələn, mədəniyyət, iqtisadiyyat və dayanıqlı inkişaf istiqamətlərində. Əlbəttə ki, bu sahələrdə də münasibətlərimizi dərinləşdirmək istəyirəm, lakin indi məni sizin məsləhətləriniz maraqlandırır, axı siz bu məsələləri daha yaxşı bilirsiniz – möhtəşəm gürcü mətbəxindən nələrin dadına baxım? Haraya səyahət edim? Dağlara, Svanetiyə? Yoxsa alman kolonistlərinin yaşadığı Bolnisiyə? Yaxud tamam başqa bir yerə? Sizdən gələcək rəyləri sevinclə gözləyirəm”, – Barbara Foss bildirib.