Almaniya Müsəlmanları Mərkəzi Şurası Berlində baş verən hücumu pisləyir
Almaniya Müsəlmanları Mərkəzi Şurası Berlində baş verən hücumu qınayır. Təşkilat hesab edir ki, heç kim cinsi orientasiyasına, dininə və ya mənşəyinə görə zorakılıq hədəfinə çevrilməməlidir.
“İnsanların öz şəxsiyyətləri və ya həyat tərzlərinə görə zorakılıq hədəfinə çevrildiyi yerdə, birgəyaşayışımızın əsasları da hücuma məruz qalır”, – bəyanatda qeyd olunur və bildirilir ki, əgər hücum edənin islamçı motivi təsdiqlənərsə, “bu, ekstremist ideologiyanın nifrət və zorakılığa bəraət qazandırmaq, insanları bir-birinə qarşı qoymaq üçün dindən bədxah məqsədlərlə istifadə etdiyi növbəti hadisə olacaq. Nifrət və zorakılığa cavabımız insan ləyaqətini, azadlığını, təhlükəsizliyini və dinc birgəyaşayışı qorumaq üçün birgə mübarizə olmalıdır”, – şurada bildirirlər.
Məlumat üçün bildirək ki, iyulun 25-də Berlində, LGBT prayd yürüşü zamanı 21 yaşlı Əbdül B. Brandenburq darvazası yaxınlığında ağ rəngli furqon tipli avtomobili insanların üzərinə sürüb, daha sonra isə avtomobildən düşərək tədbirin bir neçə iştirakçısına soyuq silahla xəsarətlər yetirib.
Təcili yardım xidmətlərinin məlumatına görə, hücum nəticəsində bir qadın həlak olub, 29 nəfər isə yaralanıb.
İyulun 26-sı axşam saatlarında Berlin polisi şübhəli şəxsi Şpandau rayonunda aşkar edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanıldığı zaman o, müqavimət göstərib və bundan sonra polis ona atəş açıb.
Hakimiyyətin məlumatına görə, Əbdül B. islamçı dairələrlə əlaqədə olub. O, terror aktı hazırlamaq ittihamı ilə cəza çəkdiyi yetkinlik yaşına çatmayanlar və gənc cinayətkarlar üçün cəzaçəkmə müəssisəsindən may ayında azadlığa buraxılıb.