Almaniya, Danimarka, Avstriya, Niderland və Yunanıstan qeyri-qanuni miqrantların Avropa İttifaqı sərhədlərindən kənara, üçüncü ölkələrə deportasiyasının 2027-ci ildən etibarən mümkün olmasını istəyirlər
Avropa İttifaqının beş ölkəsi – Almaniya, Danimarka, Avstriya, Niderland və Yunanıstan qeyri-qanuni miqrantların Aİ sərhədlərindən kənara, üçüncü ölkələrə deportasiyasının artıq 2027-ci ildən etibarən mümkün olmasını istəyirlər. Bu barədə Avropalı nazirlər Kopenhagendə keçirilən görüşdə razılığa gəliblər.
Onlar ilin sonuna qədər üçüncü ölkələrlə deportasiya mərkəzlərinin yaradılması barədə razılığa gələ biləcəklərinə ümid edirlər. Bu mərkəzlərə sığınacaq verilməsindən imtina edilmiş, lakin müxtəlif səbəblərdən öz mənşə ölkələrinə deportasiyası mümkün olmayan miqrantlar göndəriləcək. Nəzarətsiz qalmış (müşayiətsiz) yetkinlik yaşına çatmayan şəxslər isə istisna təşkil edəcək.
Bununla yanaşı, nazirlər deportasiya qovşaqlarının açılması ilə bağlı konkret olaraq hansı ölkələrlə danışıqlar apardıqlarını açıqlamırlar.
Medyada Uqanda, Ruanda, Özbəkistan və Qazaxıstan barədə məlumatlar yayılsa da, Mərkəzi Asiya ölkələri bu ehtimalı rədd ediblər.
Hüquq müdafiə təşkilatları və Avropa Şurası bu təşəbbüsü tənqid edir və insan hüquqlarının pozulacağından narahatdırlar, çünki miqrantlar sığınacaq axtaranların heç bir əlaqəsi olmayan ölkələrə göndəriləcək.