Aleksey Reznikov Rusiya hakimiyyətinin sərhədləri bağlamağı və yeni səfərbərlik dalğası elan etməyi planlaşdırması barədə Rusiya vətəndaşlarına xəbərdarlıq edir- “Bir həftəniz qalıb”
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ruslara yönəlik Rusiya hakimiyyətinin yeni səfərbərlik dalğasına hazırlaşması barədə xəbərdarlıq etdiyi videomüraciət yayıb.
O, yanvarın əvvəlində Rusiya hakimiyyətinin kişilər üçün sərhədləri bağlayacağını, sonra isə müharibə vəziyyəti elan edəcəyini bildirib. Rus dilində lentə alınan videomüraciətdə Reznikov müharibənin gediaştı və son aylarda, Xerson, Kiyev və Xarkov daxil olmaqla rus ordusunun uğursuzluqlarından danışıb.
“Yeni il öncəsi hərbi xidmət keçməli olan Rusiya vətəndaşlarına müraciət edəcəyəm. Əvvəla, bu, Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Dəqiq bilirəm ki, sizin təxminən bir həftəniz qalıb, ona qədər hələ bəzi seçimlər var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti sərhədlərini kişilərin üzünə bağlayacaq, sonra isə müharibə vəziyyəti elan edərək yeni səfərbərlik dalğasına başlayacaq. Belarusda da sərhədlər bağlanacaq”- deyə Reznikov açıqlayıb.
O, Rusiya vətəndaşlarını istənilən şəkildə səfərbərlikdən çəkinməyə çağırıb.
“Müharibə uzanarsa, sizin şəxsən ölmə şansınız artacaq, çünki yeni səfərbərlik dalğası, sonra isə başqa bir dalğa gələcək. Bunkerdə oturan isə nə qədər rusun öləcəyi ilə maraqlanmır. Əsas odur ki, ona çata bilməsinlər”- deyə nazir qeyd edib.
Ukraynanın müdafiə naziri Rusiya qüvvələrinin artıq yarım ildir ki, Ukraynanın kiçik Baxmut şəhərinə nəticəsiz şəkildə hücum edərək ələ keçirməyə çalışdığını və orada on minlərlə əsgərini itirdiyini qeyd edib. Bununla yanaşı, Reznikovun dediyi kimi, Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəyə başlamağın onlar üçün fəlakətə çevrildiyini artıq çoxdan başa düşüb.
“Bu müharibəni mümkün qədər tez bitirmək Rusiyanın maraqlarına uyğundur” -deyə Ukraynanın müdafiə naziri açıqlayıb.
“Bütün Rusiya vətəndaşları bu müharibənin əvəzini dolayı yolla ödəyəcəklər. İndiki rəhbərlik sayəsində Rusiya bir neçə nəsil ərzində Ukraynanın zərərini kompensasiya etməyə məcbur olacaq”-deyə Reznikov açıqlayıb.