Aleksandr Lukaşenko Donald Trampla əldə etdiyi razılaşmalar çərçivəsində 123 xarici ölkə vətəndaşını  əfv edib
Aleksandr Lukaşenko Donald Trampla əldə etdiyi razılaşmalar çərçivəsində 123 xarici ölkə vətəndaşını əfv edib

Aleksandr Lukaşenko Donald Trampla əldə etdiyi razılaşmalar çərçivəsində 123 xarici ölkə vətəndaşını əfv edib.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayır. Məlumatda qeyd olunur ki, Lukaşenko qərarı ABŞ prezidentinin xahişi əsasında qəbul edib.

“ABŞ prezidenti Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə, həmçinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Belarusun kalium sənayesinə qarşı tətbiq edilən sanksiyaların ləğvi və Belarusa qarşı digər qanunsuz sanksiyaların ləğvi ilə əlaqədar ölkə prezidenti müxtəlif ölkələrin 123 vətəndaşını əfv etmək qərarına gəlib”, – deyə bəyanatda qeyd olunur.

Bununla yanaşı, Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, sözügedən şəxslər casusluq, terrorizm və ekstremist fəaliyyət ittihamı ilə həbs olunmuşdular.

Yerli mediyanın yazdığına görə, azad edilmiş şəxslər arasında Birləşmiş Krallıq, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları var. Bununla yanaşı, noyabr ayının sonunda qəbul olunan qərarlar çərçivəsində ümumi əfv edilən şəxslərin sayı 156 nəfərdir.