Aleksandr Lukaşenko – Biz Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyilik, əgər Volodimir Zelenski hər hansı bir mövzu barədə danışmaq, məsləhət almaq və ya başqa bir şey istəyirsə, bunu edə bilər, biz buna açığıq
Lukaşenko bunu Volodimir Zelenskinin Rusiyanın Ukraynaya Belarus ərazisindən hücum edə biləcəyi ehtimalını irəli sürməsindən sonra bəyan edib.
Eyni zamanda Lukaşenko Kiyevə xəbərdarlıq edib ki, “təcavüz baş verəcəyi təqdirdə” Belarus və Rusiya özləri birgə müdafiə edəcəklər.
“Zelenskinin Belarusun müharibəyə qoşulacağı ilə bağlı bəyanatlarına gəlincə, artıq dediyim kimi, o, müharibəyə yalnız bir şərtlə qoşulacaq: ərazimizə qarşı təcavüz həyata keçirilərsə. Siz Rusiya prezidentini dinlədiniz, biz vətənimizi Brestdən Vladivostoka qədər birgə müdafiə edəcəyik. Buna görə də, əgər biz müharibəyə, o cümlədən Ukraynaya qarşı müharibəyə qoşulsaq, bu, bir şərtlə baş verəcək: əgər onlar bizə qarşı təcavüz həyata keçirsələr. Biz Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyilik. Buna ehtiyac yoxdur,” – Lukaşenko bildirib.
Bununla yanaşı, Belarus liderinin sözlərinə görə, əgər Ukrayna lideri də danışmaq istəyərsə, o, Zelenski ilə görüşməyə hazırdır.
“Əgər Volodimir Zelenski hər hansı bir mövzu barədə danışmaq, məsləhət almaq və ya başqa bir şey istəyirsə, bunu edə bilər. Biz buna açığıq. Mən onunla Ukraynanın və ya Belarusun istənilən yerində görüşməyə və Belarus-Ukrayna münasibətlərindəki problemləri müzakirə etməyə hazıram”, – deyə Lukaşenko qeyd edib.
Məlumat üçün bildirək ki, Zelenski ötən həftə Rusiyanın Belarusu Ukraynadakı müharibəyə daha dərindən cəlb etməyə çalışdığını və Belarus ərazisindən Şimali Ukraynaya və ya NATO ölkələrindən birinə hücum etmək planlarını nəzərdən keçirdiyini bildirib. 2022-ci ilin fevral ayında Rusiya Ukraynaya hücum edərkən Rusiya ordusunun bir hissəsi şimaldan Belarus ərazisi vasitəsilə Ukraynaya daxil olub. Belarus qoşunları hücumda iştirak etməyib.