Axmetada təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır
Axmetada təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır

Axmeta şəhərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri hələ də davam edir.

Axmeta munisipalitetinin meriyasının yaxınlığında sosial komissiya yaradılıb və bu komissiya bütün munisipalitet üzrə dəymiş ziyanı hesablayır.

Axmetanın meri Aleksi Pitsxelaurinin məlumatına görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə meriyanın müvafiq xidmətləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi və “Energo Pro Georgia”nın texniki qrupları cəlb olunub.

Gecə saatlarında Axmeta şəhərində külək və yağış nəticəsində infrastruktura ziyan dəyib, güclü külək bir neçə fərdi evin və ticarət obyektinin damını tamamilə uçurub. Fırtına Axmeta mədəniyyət evinin, Kistauri kəndindəki ictimai məktəbin binasının və Matani kəndindəki idman zalının damını uçurub. Qasırğa çoxillik ağacları kökündən qoparıb və avtomobil yollarını bağlayıb. Bununla yanaşı, təbii fəlakət nəticəsində elektrik ötürücü xətləri və dayaqlar zədələnib, bu səbəbdən Axmeta şəhərinə və bir neçə kəndə elektrik enerjisi verilmir, internet isə nasazlıqla işləyir.