“Axios” – Tramp administrasiyası İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərq üçün yeni strategiya hazırlayır
Tramp administrasiyası İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərq üçün yeni strategiya hazırlayır. “Axios” nəşrinin yüksək rütbəli rəsmi şəxsə istinadən yazdığına görə, müharibədən sonrakı strategiya İranı çəkindirmək və İsrail ilə qonşu ölkələr arasındakı münasibətləri genişləndirmək məqsədilə regional səylərə yönəlib.
Nəşrin qeyd etdiyi kimi, plan hələ ilkin hazırlanma mərhələsindədir, lakin ABŞ-ın Yaxın Şərqlə bağlı yanaşmasını müəyyən etməyə yönəlib.
Anonim mənbələrin qeyd etdiyi kimi, strategiya üzrə ilkin işlər həm Tramp administrasiyasının yüksək siyasi səviyyəsində, həm də qurumlararası iş səviyyəsində davam etdirilir.
Onların məlumatına görə, son bir neçə həftə ərzində Prezident Tramp müşavirləri ilə iki görüş keçirib və bu görüşlərdə plan və ideyalar müzakirə olunub.
Nəşrin məlumatına görə, görüşdə üç əsas element önə çıxıb: 1. ABŞ-ın qarant rolunu oynayacağı və İranı çəkindirmək məqsədi daşıyan ABŞ müttəfiqləri arasında regional ittifaqın yaradılması; 2. Münaqişələrin (7 oktyabrdan sonrakı) bitirilməsi: Qəzza zolağında Tramp planının növbəti mərhələsinin işə salınması, həmçinin İsrail və Suriya, İsrail və Livan arasında təhlükəsizlik sazişlərinin əldə olunması; 3. “İbrahim razılaşmaları”nın genişləndirilməsi və İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması sazişinin imzalanması.
Tramp administrasiyası ümid edir ki, İsraildə 27 oktyabr seçkilərindən sonra formalaşacaq hər hansı yeni hökumət müharibədən sonrakı strategiya üzrə əməkdaşlığa hazır və qadir olacaq.