"Axios" gizli kəşfiyyat məlumatlarına istinadən yazır ki, ABŞ Kubadan dronlarla hücum təhlükəsi gözləyir
"Axios" gizli kəşfiyyat məlumatlarına istinadən yazır ki, ABŞ Kubadan dronlarla hücum təhlükəsi gözləyir

Kubanın 300-dən çox hərbi dron əldə etdiyi və onlardan Quantanamo körfəzindəki ABŞ bazasına, ABŞ hərbi gəmilərinə və Florida ştatının Ki-Uest şəhərinə hücum etmək üçün istifadə olunması imkanlarını nəzərdən keçirdiyi bildirilir, – məlumatı “Axios” məxfi kəşfiyyat məlumatlarına istinadən yayır.

Amerikalı yüksək rütbəli rəsmi şəxsin mediaya bildirdiyinə görə, ABŞ-ın hərbi əməliyyatlarına bəhanə ola biləcək kəşfiyyat məlumatları, dron müharibəsinin inkişafı və Havanada İran hərbi müşavirlərinin olması fonunda Tramp administrasiyasının Kubanı nə dərəcədə böyük bir təhlükə olaraq gördüyünü nümayiş etdirir.

„Bu cür texnologiyaların bir-birinə bu qədər yaxın olması və terrorçu qruplaşmalardan tutmuş narkokartellərə, iranlılar və ruslara qədər geniş çeşiddə bədxahların əlində olması barədə düşünəndə, bu, çox narahatlıq doğurur”, – deyə anonimlik şərti ilə danışan yüksək vəzifəli məmur bildirib.

Bununla yanaşı, “Axios” yazır ki, ABŞ rəsmilərinin sözlərinə görə, Kuba 2023-cü ildən bəri Rusiya və İrandan “müxtəlif imkanlara malik” hücum dronları satın alır və onları adanın strateji yerlərində gizlədib.

Nəşrin məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, son bir ay ərzində Kuba rəsmiləri Rusiyadan daha çox dron və hərbi avadanlıq tələb ediblər.