“Axios” – Donald Trampın İranla əldə etdiyi razılaşma Benyamin Netanyahu üçün “acı dərmandır”
Donald Trampın İranla əldə etdiyi razılaşma Benyamin Netanyahu üçün “acı dərmandır”, – bu barədə məlumatı “Axios” dərc edir.
“Cümə axşamı axşam ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ona eşitmək istəmədiyi bir şeyi deyib, lakin onun başqa yolu olmayıb”, – nəşr yazır.
“Axios”un məlumatına görə, Netanyahu Trampın İranla müharibənin başa çatması və sülh sazişinin bağlanması barədəki baxışını bölüşmür.
Nəşrin ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən yazdığına görə, Benyamin Netanyahu inanırdı ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Tehranda rejimin dəyişməsinə səbəb ola biləcəkdi.
“Bu, əla bir razılaşmadır və bu müharibəni başa çatdırmağın vaxtıdır”, – mənbənin dediyinə görə, Tramp bunu Netanyahuya deyib.
Lakin ABŞ rəsmisinin „Axios“a bildirdiyinə görə, Trampla telefon danışığı zamanı Netanyahu, görünür, Trampın sazişi imzalamasına mane ola bilməyəcəyini anlayıb.
Bununla yanaşı, “Axios”un yazdığına görə, İranla münasibətlərin gərginləşməsindən sonra Netanyahu İranın energetika və infrastruktur obyektlərinə qarşı irimiqyaslı zərbələr endirməyi planlaşdırırdı, lakin Tramp son anda onu dayandırıb.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp ABŞ-İran razılaşması barədə yayılan məlumatdan bir saat sonra Netanyahuya zəng edəndə, o, heç bir təəccüb ifadə etməyib və qarşı çıxmayıb.
“Netanyahu, yəqin ki, sazişin tezliklə bağlanacağını və onu dayandıra bilməyəcəyini bilirdi”, – ABŞ rəsmisi qeyd edib.