"Axios" - Benyamin Netanyahu Donald Trampın İsrail ilə Livan arasında on günlük atəşkəs elan etməsi ilə bağlı bəyanatından şoka düşüb və Ağ Evdən izahat istəyib
"Axios" - Benyamin Netanyahu Donald Trampın İsrail ilə Livan arasında on günlük atəşkəs elan etməsi ilə bağlı bəyanatından şoka düşüb və Ağ Evdən izahat istəyib

İsrail Ağ Evdən Prezident Donald Trampın İsrail ilə Livan arasında on günlük atəşkəs elan etməsi ilə bağlı bəyanatına dair izahat tələb edib, – bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsi “Axios”a bildirib.

Mənbənin nəşrə bildirdiyinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampın bəyanatından “şoka düşüb, dəhşətə gəlib və narahat olub”.

“Axios”un yazdığına görə, Netanyahu və komandası Trampın bəyanatı barədə mediadan xəbər tutublar və şoka düşüblər, çünki bu, Dövlət Departamentinin dərc etdiyi atəşkəs sazişi mətninə zidd idi.

Məlumat üçün bildirək ki, 16 apreldə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında on günlük atəşkəs elan edib. Trampın sözlərinə görə, o, Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə əla söhbəti olub.

“Vitse-prezident Cey Di Vensə və Dövlət Katibi Marko Rubioya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Razin Keynə İsrail və Livanla davamlı sülhə nail olmaq üçün işləməyi tapşırdım. Dünyada doqquz müharibəni həll etmək mənim üçün şərəf idi və bu, onuncu müharibə olacaq, ona görə də gəlin bunu edək”, – Tramp yazıb.

Bununla yanaşı, Donald Tramp Livan və İsrail liderlərini danışıqlar üçün Ağ Evə dəvət etdiyini qeyd edib. Trampın sosial şəbəkədə paylaşdığı paylaşımda qeyd etdiyi kimi, bu, 1983-cü ildən bəri iki ölkə liderləri arasında ilk görüş olacaq.