"Axios" - ABŞ və İran razılığa gəliblər, lakin Donald Trampın yekun təsdiqinə ehtiyac var
ABŞ və İran razılığa gəliblər, lakin Donald Trampın yekun təsdiqinə ehtiyac var, – bu barədə “Axios” rəsmi şəxslərə istinadən məlumat yayır.
60 günlük qarşılıqlı anlaşma memorandumu atəşkəsin uzadılmasını və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutur.
ABŞ-ın rəsmi şəxslərinin bildirdiyinə görə, 60 günlük qarşılıqlı anlaşma memorandumunda Hörmüz boğazında “məhdudiyyətsiz” gəmiçilik nəzərdə tutulacaq. Bu o deməkdir ki, heç bir rüsum və maneə olmayacaq, İran isə 30 gün ərzində boğazdakı bütün minaları çıxarmalı olacaq.
ABŞ-ın dəniz blokadası da aradan qaldırılacaq, lakin bu, kommersiya daşımalarının bərpasına mütənasib şəkildə həyata keçiriləcək.
Rəsmi şəxslərin sözlərinə görə, qarşılıqlı anlaşma memorandumuna İranın nüvə silahı istehsal etməmək öhdəliyi daxil olacaq. Sənəddə həmçinin qeyd olunacaq ki, 60 günlük müddət ərzində müzakirə ediləcək ilk məsələlər İranın yüksək səviyyədə zənginləşdirilmiş uranının taleyi və İranın uranı zənginləşdirməsi məsələsinin həlli olacaq.
ABŞ danışıqlar çərçivəsində sanksiyaların yumşaldılmasını və İranın dondurulmuş vəsaitlərinin sərbəst buraxılmasını nəzərdən keçirmək öhdəliyini götürəcək. Qarşılıqlı anlaşma memorandumu həmçinin İranın mal və humanitar yardım almağa başlamasına kömək edəcək mexanizmin müzakirəsini də əhatə edəcək.