Axalkalaki bələdiyyəsində üç ictimai məktəb tam təmir olunub. Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Alastani, Kotelia və Dadeş kəndlərində dövlət məktəblərinin yenilənmiş təhsil infrastrukturu ilə tanış olub. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Qivi Mikanadze məktəbin şagirdləri, müəllimləri və əməkdaşları ilə görüşüb və onları müasir standartlara cavab verən təhsil mühitində təhsillərini davam etdirmələri münasibətilə təbrik edib.
“Nazirlə birlikdə Samtsxe‑Cavaxeti bölgəsində tamamilə yenidən təmir edilmiş məktəblərə dövlət nümayəndəsinin müavini Sergi Muşkudiani, Axalkalaki‑Ninotsminda bələdiyyələrinin nümayəndəsi Samvel Manukyan, Axalkalaki meri Melkon Makarian və Axalkalaki bələdiyyə şurasının sədri Ruben Palyan baxış keçirdilər.
Aparılan infrastruktur işləri nəticəsində hər üç məktəbdə tədris otaqları ilə yanaşı təbiət elmləri və kompüter laboratoriyaları, akt zalı, idman infrastrukturu, istirahət sahələri yaradıldı. Bununla yanaşı, resurs otağı, həkim kabineti, yeməkxana və kitabxana fəaliyyət göstərir.
Məktəblər təhlükəsizlik sistemləri ilə təchiz olunub və məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb – lift, panduslar və uyğunlaşdırılmış sanitar qovşaqlar quraşdırılıb. Məktəblərdə bərpa işləri Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihələrin ümumi dəyəri 10 milyon laridən çox olub”, – Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.