Aİ-də ukraynalı hərbçiləri hazırlamaq üçün təlim missiyasının yaradılması barədə razılığa gəliblər

18:53, 30.08.2022

 

Aİ-də ukraynalı hərbçiləri hazırlamaq üçün təlim missiyasının yaradılması barədə razılığa gəliblər. Praqada keçirilən müdafiə nazirlərinin görüşündən sonra bu barədə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell açıqlama verib.

“Bu gün nazirlərlə birlikdə, əsasən, Rusiyanın Ukraynaya təcavüzü kontekstində təhlükəsizlik və müdafiə siyasətimizi müzakirə etdik. Ukraynanın Müdafiə naziri cənab Reznikov bizimlə bağlantı qurdu , müharibə və Ukraynanın ehtiyacları haqqında bizə yenilənmiş məlumat verdi. Biz bu ehtiyaclara cavab verməliyik və bu barədə yekdilliklə razılaşdıq” – deyə Cozef Borrel bildirib.

O , Avropa İttifaqı və ona üzv dövlətlərin Ukraynanın yanında olduğunu və lazım olduğu müddətdə Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.

“Ehtiyaclar təkcə hərbi texnika ilə təchiz etmək mənasına gəlmir. Ehtiyaclar həmçinin qüvvələrin transformasiyasını, müharibənin necə aparılmasını, əsgərlərin hazırlanmasını nəzərdə tutur. Bir neçə təlim təşəbbüsü hazırdır, lakin ehtiyaclar çox böyükdür və biz bu ehtiyacların ardıcıllığını müəyyən etməliyik. Bütün üzv dövlətlər bununla bağlı, eləcə də Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərinin müəyyənləşdirilməsi üzrə işə başlamaq barədə yekdilliklə razılaşıblar” – deyə Borrel bildirib.

Bununla yanaşı, Avropa İttifaqının nümayəndəsi bildirib ki, bugünkü görüş qeyri-rəsmi olub və qeyri-rəsmi görüşdə qərarlar qəbul edilmir, əksinə bir tərəfdən ukraynalılarla təmasları nəzərdə tutan və ikinci tərəfdən yekun qərarlar üçün hüquqi və əməliyyat parametrlərinin müəyyən edilməsi istiqamətində hazırlıq işlərinə başlamaq qərarı verilib.

Oxşar