Ağ Ev – Volodimir Zelenski ilə söhbət zamanı Co Bayden Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri tədarük edəcəyinə söz verib
Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski yayır. O, Co Bayden ilə səmərəli söhbət apardığını və əsas mövzunun hava hücumundan müdafiə olduğunu açıqlayıb.
“ABŞ prezidenti Co Baydenlə səmərəli söhbətim oldu. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. Bu, hazırda müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir. G7-nin sərt mövqeyi və BMT Baş Assambleyasında bizim qətnaməmizin dəstəklənməsi məsələsində Ukrayna üçün Amerikanın liderliyi çox vacibdir” – deyə Zelenski yazır.
Ukrayna prezidentinin daha əvvəl videomüraciətində qeyd etdiyi üzrə, oktyabrın 11-də “Böyük Yeddilik” Ukrayna məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək. Bundan əlavə, Zelenski Ukraynanın BMT Baş Assambleyasına təqdim edilmək üçün Rusiyanın terror əməllərini pisləyən qətnamə üzərində işlədiyini açıqlayıb.
ABŞ Prezident Administrasiyası da Zelenski ilə Bayden arasında telefon danışığı barədə məlumat yayır.
Ağ Evdən verilən məlumatda prezidentin Rusiyanın Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə edilən raket hücumlarını qınadığı deyilir. Prezident Ukraynaya zəruri müdafiə dəstəyini, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edəcəyinə söz verib.