ABŞ və Rusiya nümayəndə heyətləri Səudiyyə Ərəbistanında atəşkəslə bağlı növbəti danışıqları martın 23-də keçirəcəklər

10:50, 19.03.2025

ABŞ prezidenti Donald Trampın xüsusi münayəndəsi Stiv Uitkof ABŞ və Rusiya nümayəndə heyətlərinin martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində atəşkəslə bağlı danışıqları davam etdirəcəyini açıqlayır.

Uitkofun “Fox News”a müsahibəsində qeyd etdiyi kimi, ABŞ tərəfindən danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts iştirak edəcək.

Uitkofun dediyinə görə, enerji infrastrukturuna hücumların dayandırılması “ruslarla razılaşdırılıb”.

“Ümid edirəm ki, ukraynalılar da bununla razılaşacaqlar. Əlbəttə, bizim müzakirə etməli olduğumuz bəzi detallar var. Bu, bazar günü Ciddədə başlayacaq və müsbət nəticələr əldə etmək üçün yaxşı danışıqlarımız olacaq”, – Uitkof bildirib.

Məlumat üçün bildirək ki, Kreml ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra rəsmi bəyanat yayıb. Kremlin məlumatına əsasən, Vladimir Putin Trampın Ukraynanın enerji obyektlərinə zərbələrin 30 gün müddətinə dayandırılması barədə təşəbbüsünü dəstəkləyib və artıq Rusiya hərbçilərinə müvafiq əmr verib.

Oxşar