ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Komitəsi Donald Trampın 7 illik vergi bəyannaməsini açıqlayıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Komitəsi sabiq prezident Donald Trampın 7 illik vergi bəyannaməsini dərc edib. Donald Tramp bir neçə il boyunca bu sənədlərin ictimailəşdirilməsinə qarşı çıxıb.
“BBC” bu sənədlərin 2015-2020-ci illəri əhatə etdiyinə və Trampın əmlakı, bəzi şirkətlərinin gəlirləri və ya zərərləri haqqında yeni məlumatlar əks etdirdiyinə dair məlumat yayır. Bəyannamələrdən aydın olur ki, Tramp prezidentliyi dövründə cüzi vergilər ödəyib, şirkəti buna səbəb kimi biznes itkilərini göstərib.
Bununla yanaşı, Donald Trampın prezidentliyinin son ili olan 2020-ci ildə federal vergini ödəmədiyi aydın olur. 2016 və 2017-ci illərdə isə cəmi 750 dollar ödəyib. Bununla yanaşı, 2018-ci ildə Tramp 1 milyon dollara qədər ödəyib.
Bundan başqa, sənədlərdə 2015-2017-ci illərdə onun İrlandiya, Böyük Britaniya və Çində bank hesablarının olduğu göstərilir.
Keçmiş prezident Nümayəndələr Palatasının komitəsi tərəfindən onun bəyannaməsinin yayılmasını tənqid edərək, bunun ABŞ-dakı siyasi parçalanmanı daha da dərinləşdirəcəyini deyib. O bildirib ki, sənədlər onun vergilərin qaytarılmasından minlərlə iş yeri, struktur və müəssisə yaratmaq üçün necə uğurla istifadə etdiyini göstərir.