ABŞ Konqresi 2023-cü ilin müdafiə büdcəsini təsdiqləyib
ABŞ Konqresi 2023-cü ilin rekord müdafiə büdcəsini təsdiqləyib. Məlum olduğu üzrə, növbəti maliyyə ili üçün hərbi büdcə 80 milyard dollar artaraq 858 milyard dollar təşkil edəcək.
Sənəd Ukrayna üçün ən azı 800 milyon dolların ayrılmasını nəzərdə tutur ki, bu da əlavə hərbi yardıma xidmət edəcək . Bu, Ağ Evin tələb etdiyindən 500 milyon çoxdur.
Sənədə əsasən, Tayvana hərbi dəstəyə təxminən 10 milyard dollar xərclənəcək. Avropada Rusiyanı cilovlamaq təşəbbüsü üçün isə ümumilikdə 6 milyard dollar yazılıb. Sənəd həmçinin Rusiya ilə hərbi sahədə əməkdaşlığa 5 il qadağa qoyulmasını nəzərdə tutur.
ABŞ-ın 2023-cü ilə olan müdafiə büdcəsində “B-21” strateji bombardmançıların istehsal proqramı üçün vəsait nəzərdə tutulub. Ordu, həmçinin əlavə 36 ədəd F-35 döyüş təyyarəsi almaq hüququna sahib olacaq,donanma isə yeni gəmilərin istehsalı üçün 32 milyard dollar alacaq.
4408 səhifəlik sənəddə hərbi infrastrukturun yaxşılaşdırılmasına 50 milyard dollardan çox vəsait ayrılıb. Gələn il ABŞ ordusunda xidmət edən şəxslərin maaşları 4,6% artacaq.
ABŞ-ın müdafiə büdcəsini indi Senatda təsdiqləməlidirlər.