ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ gənc qadının ölümü ilə bağlı başlamış etiraz aksiyasının iştirakçılarını dağıtdığı üçün İrana qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ-ın Xəzinədarlıq Departamenti tərəfindən verilən məlumatda məhdudiyyətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli məmurlarına, həmçinin İran həbsxanalarının nümayəndələrinə, internet senzurası ilə əlaqəli şəxslər və təşkilatlara şamil edildiyi deyilir.
Evin həbsxanasının rəhbəri də “qara siyahı”ya salınıb, Xəzinədarlıq Departamenti bu həbsxanada əsasən siyasi məhbusların saxlandığı barədə məlumat verir.
Sanksiyaya məruz qalanlar arasında İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iki yüksək rütbəli məmuru, eləcə də ABŞ-ın məlumatına görə, kibertəhlükəsizlik sahəsində kadrların yetişdirildiyi və nazirlik əməkdaşlarının işə götürüldüyü Ravin Akademiyası da var. İranın Samane Gostar Sahab Pardaz Private Ltd Co şirkətinə qarşı sanksiyalar tətbiq edilib, Amerika tərəfi bu şirkətin İran hökuməti üçün internetdə senzura, izləmə və casusluq fəaliyyətini həyata keçirdiyini açıqlayır.
“Biz İran xalqının öz hüquqlarını və əsas azadlıqlarını qorumaq üçün dinc etirazlarını dəstəkləmək istiqamətində yollar axtarmağa və İran xalqına qarşı İranda amansız repressiyalarla məşğul olan şəxslər və şirkətlərə bədəl ödətdirməyə davam edəcəyik” – deyə dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir .
İranda 22 yaşlı Məhsa Aminin ölümü ilə bağlı bir aydan çoxdur ki, hökumət əleyhinə etirazlar keçirilir. Gənc qadın hicab geyinmə qaydasını pozduğu üçün həbs olunarkən dünyasını dəyişib.