ABŞ-ın Virciniya Dövlət Universitetində baş verən atışma nəticəsində beş nəfər yaralanıb, hadisədə birdən çox silahlı şəxs iştirak edirdi
ABŞ-ın Virciniya Dövlət Universitetində baş verən atışma nəticəsində beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti kritikdir. Bu barədə “BBC” yazır.
Universitetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə barədə yerli vaxtla təxminən saat 01:28-də bildiriş alıblar. Atışma universitetin yataqxanasının yaxınlığında baş verib.
Polisin bildirdiyinə görə, yaralananlardan biri universitet tələbəsi, digəri isə 18 yaşdan kiçik şəxsdir.
Polisin məlumatına görə, hadisədə birdən çox silahlı şəxs iştirak edirdi. Hazırda şübhəli şəxslər həbs edilməyiblər.
Universitetin bildirdiyinə görə, kampusda hələ də “əhəmiyyətli” sayda hüquq-mühafizə orqanlarının əməkdaşları qalır.
Virciniya Dövlət Universitetinin veb səhifəsinin məlumatına görə, yeni tədris semestrinin başlanması bazar ertəsi günü planlaşdırılırdı, tələbələr üçün yataqxanalar isə cümə günü açılmışdı.
Virciniya Dövlət Universitetində təxminən 5000 tələbə təhsil alır.