ABŞ-da pis hava şəraiti səbəbindən aviareyslər ləğv edilib və minlərlə reys təxirə salınıb
ABŞ-da pis hava şəraiti səbəbindən aviareyslər ləğv edilib və minlərlə reys təxirə salınıb

ABŞ-da pis hava şəraiti səbəbindən minlərlə reys təxirə salınıb. Bu barədə “BBC” məlumat yayır.

Medianın yazdığına görə, ABŞ-ın şimal-şərqində qar fırtınası gözlənilir, buna görə artıq 1600 uçuş ləğv edilib, daha 74.000 hava reysi isə təxirə salınıb.

Ən çox zərər görmüş hava limanları Nyu-York və onun yaxınlığında sərnişinlərə xidmət göstərən Con F. Kenedi, həmçinin Nevark və La Guardia hava limanlarıdır. Nyu-Yorkda həmçinin qatarların hərəkəti dayandırılıb.

Məhdudiyyət Boston və Çikaqo hava limanlarına da təsir edib.

ABŞ-ın Milli Meteoroloji Xidməti xəbər verir ki, yaxın zamanda Nyu-Yorkda və Konnektikut ştatının cənubunda 23 sm-ə qədər qar yağışı gözlənilir.

Gözlənilən qar və yağıntı səbəbindən sürücülərə diqqətli olmaları tövsiyə olunur.

Nyu-York qubernatoru vətəndaşları vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb. Eyni xəbərdarlıq Nyu Cersi və Konnektikutda da yayılıb.