ABŞ Belarus kaliumuna tətbiq etdiyi sanksiyaları ləğv edib
ABŞ Belarus kaliumuna tətbiq etdiyi sanksiyaları ləğv edib

ABŞ Belarus kaliumuna tətbiq etdiyi sanksiyaları ləğv edib, – bu barədə ABŞ-ın Belarus məsələləri üzrə xüsusi nümayəndəsi Con Koul bildirib.

Yerli medianın yazdığına görə, Aleksandr Lukaşenko ilə ABŞ-ın xüsusi nümayəndəsi arasında iki günlük danışıqlar aparılıb, bundan sonra Koul ABŞ-ın Belarus kaliumuna tətbiq etdiyi sanksiyaları ləğv etdiyini bəyan edib.

“Prezident Trampın göstərişlərinə əsasən, ABŞ kalium üzərinə sanksiyaları aradan qaldırır. Düşünürəm ki, bu, ABŞ tərəfindən Belarus üçün çox yaxşı addımdır”, – Koul bildirib.

Onun dediyinə görə, ABŞ tərəfindən tətbiq edilmiş digər sanksiyalarla bağlı müzakirələr davam etdiriləcək.

“İki ölkə arasındakı münasibətlərin normallaşması ilə yanaşı, daha çox sanksiya aradan qaldırılacaq”, – ABŞ nümayəndəsi qeyd edib.

Bununla yanaşı, Koul deyib ki, Belarus prezidentindən Ukraynada münaqişənin həlli ilə bağlı yaxşı məsləhətlər eşidib.

“Mən sizin prezidentinizlə müxtəlif mövzular barədə danışmışam. O, bizə kömək edir, Rusiya və Ukrayna arasında müharibə ilə bağlı nə edəcəyimiz barədə məsləhətlər verir. Onun məsləhəti çox ağlabatandır”, – Koul bildirib.

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş və bu prosesdə Belarusun roluna gəlincə, Con Koul Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında yaxşı münasibətləri vurğulayıb.

“Sizin prezidentinizin Vladimir Putin ilə uzunmüddətli əlaqəsi var və o, məsləhət verə bilər. Bu, indiki vəziyyətdə çox faydalıdır. Onlar dostdurlar və belə məsələləri müzakirə etmək üçün lazım olan səviyyədə əlaqələrə malikdirlər. Təbii ki, Prezident Vladimir Putin bəlkə bəzi məsləhətləri qəbul edər, bəzilərini isə yox, amma bu, prosesin təşviqi yoludur”, – Koul qeyd edib.