Abbas Əraqçi - İran həm müharibəyə, həm də danışıqlara hazırdır, amerikalılara heç bir halda etibar edə bilmərik, bəzən bir gün ərzində bir-birinə zidd bir neçə mesaj göndərirlər
İran həm müharibəyə, həm də danışıqlara hazırdır, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçi təsdiqləyib ki, İran atəşkəs vəziyyətindədir və onun sözlərinə görə, bu atəşkəs qeyri-sabitdir.
“Biz təcavüzkar hücumlara, sanksiyalara qarşıyıq. Bu gün ən vacib məsələ etibardır. Amerikalılara heç bir şəkildə etibar edə bilmərik. Amerika tərəfindən alınan mesajlar ziddiyyətlidir – hər gün əvvəlki gündən fərqlənir. Bugünkü “tvit” dünənkindən fərqlənir. Bəzən bir gün ərzində bir-birinə zidd bir neçə mesaj göndərirlər”, – deyə Abbas Əraqçi bildirib.
İranın xarici işlər nazirinin qeyd etdiyi kimi, müharibə qızışdırıcısı elementlər diplomatiyanı pozmağa və ABŞ-ı yeni müharibəyə sürükləməyə çalışırlar.
“Ümid edirəm ki, Amerika səhv etməyəcək və diplomatiya sonda qalib gələcək”, – deyə Abbas Əraqçi qeyd edib.
İranın xarici işlər naziri nüvə silahı ilə bağlı İranın mövqeyini ifadə edərək bildirib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və ya etmək istəmir.
“Bu, bizim siyasətimizdir. Bizim dinc nüvə proqramımız var və biz onun dinc qalacağına dair zəmanət verməyə həmişə hazırıq”, – deyə Abbas Əraqçi bildirib.
Hörmüz boğazındakı mövcud vəziyyətdən danışarkən İranın xarici işlər naziri qeyd edib ki, Hörmüz boğazı dostlar üçün açıq, düşmənlər üçün isə məhduddur.