30 konqresmen Co Baydeni Vladimir Putinlə danışıqlar aparmağa çağırır
30 konqresmen Co Baydeni Vladimir Putinlə danışıqlar aparmağa çağırıb. Bu barədə “Financial Times” yazır.
Məktub Ağ Evə göndərilib.
“ABŞ-ın hərbi yardıma xərclədiyi amerikalı vergi ödəyicilərinin on milyardlarla dollarına cavabdeh olan qanunvericilər kimi biz hesab edirik ki, bu müharibədə bu cür iştirak ABŞ-ın üzərinə bütün imkanları, o cümlədən Rusiya ilə birbaşa əlaqəni ciddi şəkildə nəzərdən keçirmək məsuliyyəti qoyur”-deyə demokrat konqresmenlərin məktubunda deyilir.
Məktubda Moskva ilə danışıqların zərəri azaltmaq və Ukraynanın sülh yolu ilə nizamlanmasına dəstək olmaq potensialına malik olduğu deyilir.
Co Bayden Administrasiyasına göndərilən bu müraciəti İlhan Omar, Aleksandria Okasio-Kortes, Raşida Tlaib və digər qanunvericilər imzalayırlar.
Qanunvericilər Ağ Evi “zorakılığın azaldılmasına yönəlmiş təşəbbüslər, o cümlədən sanksiyaların yüngülləşdirilməsinin bəzi formaları, eləcə də müstəqil və azad Ukrayna üçün bütün tərəflər üçün məqbul təhlükəsizlik təminatlarını təmin edən beynəlxalq saziş”i əhatə edən yanaşmanı nəzərdən keçirməyə çağırır.
Ağ Evdə konqresmenlərin məktubuna münasibət bildirilib və Rusiya prezidenti ilə danışıqların keçirilməsinin vaxtını Ukrayna prezidentinin müəyyən etməli olduğu deyilib.
“Prezident Zelenski hesab edir ki, indi cənab Putinlə danışıqlar masası arxasında əyləşməyin vaxtı deyil. Masa arxasında əyləşmək vaxtı gələndə Zelenskinin uğur qazana bilməsi üçün Zelenski və onun ordusunun döyüş meydanında uğur qazanmasına köklənmiş olacağıq”- deyə Ağ Evin nümayəndəsi Con Kirbi bildirib.
Bununla yanaşı, “Financial Times”ın yazdığı üzrə , Konqresin aralıq seçkiləri və potensial çətin qış ərəfəsində həm Demokratlar, həm də Respublikaçılar partiyasında Ukrayna məsələsində fikir ayrılığının əlamətləri var, lakin buna baxmayaraq, konqresdə növbəti aylarda ABŞ-a Ukraynaya hərbi yardımı davam etdirmək imkanı verəcək dəstəyi saxlamağı bacaracaqlarına əmindirlər.
Ötən həftə ABŞ Nümayəndələr Palatasında Azlıqların lideri Kevin Makkarti aralıq seçkilərində Respublikaçıların Nümayəndələr Palatasında çoxluğu bərpa edəcəyi təqdirdə, Ukraynaya əlavə yardımı təsdiqləməkdə çətinliklər gözlədiyini dilə gətirib. Lakin, Respublikaçıların Senatdakı lideri Kiyevə əlavə yardımın ayrılmasını dəstəklədiyini bildirib.