2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Gürcüstan əhalisinin sayı 3 929 581 nəfər təşkil edib
2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Gürcüstan əhalisinin sayı 3 929 581 nəfər təşkil edib

Milli Statistika Xidmətinin dəqiqləşdirilmiş məlumatlarına əsasən, 2024-cü il 14 noyabr tarixinə olan vəziyyətə görə, Gürcüstan əhalisinin sayı 3 929 581 nəfər təşkil edib, bu da 2025-ci ilin iyun ayında dərc edilmiş ilkin məlumatla (3 914 000 nəfər) müqayisədə 0,4 faiz çoxdur.

Gürcüstan əhalisinin 52 faizi, yəni 2 048 577 nəfəri qadın, 48 faizi, yəni 1 881 004 nəfəri kişidir. Qadınların payı Tbilisi və Kutaisidə nisbətən daha yüksəkdir və 54 faiz təşkil edir, Keda, Xelvaçauri, Xaraqauli, Saqareco və Marneuli bələdiyyələrində isə nisbətən aşağıdır və 49 faiz təşkil edir.

Milli Statistika Xidmətinin əhalinin siyahıyaalmasının nəticələrinə görə, 2024-cü il 14 noyabr tarixinə olan vəziyyətə əsasən, şəhər tipli yaşayış məntəqələrində əhalinin 62 faizi, yəni 2 442 231 nəfər, kənd tipli yaşayış məntəqələrində isə 38 faizi – 1 487 350 nəfər yaşayır. Regionlar üzrə, şəhər tipli yaşayış məntəqələrində yaşayan əhalinin payı, Tbilisi istisna olmaqla, Acara Muxtar Respublikasında (67 faiz) daha yüksəkdir ki, bu da Batumi əhalisinin çoxluğundan irəli gəlir. Şəhər tipli yaşayış məntəqələrində yaşayanların payı Mtsxeta-Mtianeti, Kaxeti, Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində nisbətən aşağıdır və 24 faiz təşkil edir.

Bununla yanaşı, qurumun 2024-cü il üzrə dəqiqləşdirilmiş məlumatlarına görə, Gürcüstan əhalisi ən çox 35–39 (7,6%), 10–14 (7,4%) və 30–34 (7,2%) yaş qruplarında cəmləşib. Həmçinin qeyd edilməlidir ki, qadınların payı 85 yaş və daha yuxarı yaş qrupunda xüsusilə yüksəkdir, belə ki, həmin yaş qrupunda qadınların sayı kişilərin sayını 2,6 dəfə üstələyir.

2024-cü il siyahıyaalınma göstəricilərinə görə, Tbilisidə 1 331 485 nəfər yaşayır ki, bu da Gürcüstan əhalisinin 34 faizini təşkil edir. Əhalinin sayına görə ikinci və üçüncü yerləri müvafiq olaraq əhalinin 13 və 11 faizinin cəmləşdiyi İmereti (510 741 nəfər) və Kvemo Kartli (441 630 nəfər) regionları tutur.

MSX-nın məlumatına görə, Gürcüstanın 2024-cü ilin əhali və kənd təsərrüfatının siyahıyaalınmasının yekun, ətraflı nəticələri cari ilin iyun ayının sonunda dərc olunacaq.

MSX-nın məlumatına görə, Gürcüstanın 2024-cü il əhali və kənd təsərrüfatı siyahıyaalması 2024-cü il 14 noyabrdan 31 dekabra qədər olan dövrdə keçirilib. Siyahıyaalma işğal olunmuş ərazilər istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edib. Beynəlxalq metodologiyaya əsasən, siyahıyaalmaya ölkədə daimi yaşayan bütün Gürcüstan vətəndaşları, eləcə də ölkə ərazisində olan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər cəlb olunub. Siyahıyaalma çərçivəsində məlumatlar müasir texnologiyalardan istifadə etməklə elektron şəkildə toplanıb. Proses iki mərhələdə həyata keçirilib: birinci mərhələdə 2024-cü il 14–23 noyabr tarixlərində özünüqeydiyyat metodundan istifadə olunub, ikinci mərhələdə isə 29 noyabr – 31 dekabr tarixlərində kompüter vasitəsilə fərdi müsahibə metodundan istifadə edilib. Əhalinin göstərdiyi yüksək maraq nəzərə alınaraq, özünüqeydiyyat imkanı əlavə olaraq bütün dekabr ayı ərzində də davam etdirildi.