1 avqustdan etibarən xarici valyutada verilən kreditlərin həddi 750 min lariyə qədər artırılır
Gürcüstan Milli Bankının qərarına əsasən, hedc olunmamış xarici valyutada verilən kreditlərin yuxarı həddi 500 000 lariyə qarşı 750 000 lariyə qədər artırılıb. Bu o deməkdir ki, gəliri lari ilə olan vətəndaşlar bundan sonra 750 min lariyə qədər olan kreditləri yalnız lari ilə götürə biləcəklər, digər valyutalarda deyil.
Dəyişiklik 2025-ci il 1 avqustdan qüvvəyə minəcək.
Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Departamentinin rəhbəri David Utiaşvilinin sözlərinə görə, dollarlaşma hələ də Gürcüstanın maliyyə sektorunun əsas problemlərindən biri olaraq qalır və bu səbəbdən Milli Bank ehtiyac yaranacağı təqdirdə ölkədə dollarlaşma səviyyəsinin azaldılması üçün müvafiq addımlar atacaq.
“Dollarlaşma hələ də bizim maliyyə sektorumuzun əsas çağırışlarından biridir. Hal-hazırda kreditlərdə xarici valyutanın payı təxminən 43%-dir, əmanətlərdə isə 50%-dir. Bu göstəricilər regionda və qlobal miqyasda ən yüksək səviyyələrdəndir. Buna görə də, bu risklərə qarşılıq olaraq, Milli Bank daim dedollarlaşmaya yönəlmiş addımlar atır. Son bir il yarım ərzində biz hedc olunmamış xarici valyuta kreditlərinin yuxarı həddini 200 000 lari səviyyəsindən tədricən 500 000 lariyə qaldırmışdıq, və artıq 1 avqustdan bu hədd 750 000 lari olacaq.
Bu qərarın əsas məqsədi uzunmüddətli dövrdə dollarlaşmanın azalma tendensiyasını dəstəkləməkdir. Baxmayaraq ki, ümumilikdə azalma tendensiyası var idi, son bir il yarımda bu proses bir qədər zəifləyib. Ona görə də, bu qərarlarla biz lariyə üstünlük verilməsini təşviq etməyə çalışırıq. Bu seqmentdə – 500 000-dən 750 000 lariyə qədər – ildə təxminən 1000 kredit verilir ki, bu da təxminən 150 milyon dollar ekvivalentindədir. Qərar bu seqmentə aiddir və imkan verəcək ki, uzunmüddətli dövrdə dedollarlaşma yenidən əvvəlki tempinə dönsün. Hazırkı səviyyə hələ də yüksəkdir və gözlənilir ki, bu qərardan sonra ilin sonuna qədər kreditlərdə dollarlaşma təxminən 40%-ə yaxınlaşacaq və növbəti illərdə azalma davam edəcək. Dedollarlaşma Milli Bankın uzunmüddətli hədəfidir.
Biz bu tendensiyaları izləyəcəyik. Əgər əlavə addımlar atmaq lazım olarsa, onları da atacağıq ki, ölkədə dollarlaşmanın səviyyəsi azalsın. Hazırda 750 000 lari səviyyəsi adekvat hədd hesab olunur, belə ki, dedollarlaşma davam etsin və bu proses geri dönməz xarakter alsın. Əgər görsək ki, risklər azalmır, əksinə, müəyyən amillər səbəbindən artır, bu halda Milli Bank keçmiş illərdə olduğu kimi əlavə addımlar atacaq. Hazırda bunun konkret hansı alət olacağını söyləmək çətindir – bu, ya həmin alətdə həddin daha da artırılması, ya da digər alətin tətbiqi ola bilər. Sadəcə olaraq, hər zamanki kimi, Milli Bank bu prosesi izləyəcək və müvafiq qərarlar verəcək,” – deyə David Utiaşvili Gürcüstanın Birinci Kanalına bildirib.
Dollarlaşmanın azalmasının tempinin niyə zəiflədiyi ilə bağlı sualı cavablandırarkən David Utiaşvili bildirib ki, 2022-ci ildən bəri ölkəyə xarici valyutada axınlar olub:
“Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, 2022-ci ildən etibarən ölkəyə xarici valyutada vəsait daxil olub və bu vəsaitlər əmanət kimi toplanıb. Təbii olaraq, bu vəsaitlərin mühüm hissəsi xarici banklarda yerləşdirilib və Milli Bank da buna cavab olaraq müəyyən alətləri işə salıb. Ancaq bu vəsaitlər əmanətlər kimi yerləşdirilmişdi. Bank sektoru üçün müəyyən motivasiya var idi ki, bu vəsaitləri kredit kimi versin. Bu da müəyyən mənada izah edə bilər ki, niyə xarici valyutada kreditləşmə davam etdi və dedollarlaşmanın tempi bir qədər zəiflədi,” – deyə David Utiaşvili bildirib.