Əgər bu qaz və neft Rusiya mənşəli olmayacaqsa, Slovakiyaya tədarükə hazırıq, çünki bizim müharibəmiz var, nöqtə
Əgər bu qaz və neft Rusiya mənşəli olmayacaqsa, Slovakiyaya tədarükə hazırıq, çünki bizim müharibəmiz var, nöqtə

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Slovakiyaya neft və qaz tədarük etməyə hazırdır, lakin bu, Rusiya mənşəli olmamalıdır. Bu barədə o, Ujqorod şəhərində Slovakiyanın baş naziri Robert Fitso ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Slovakiya Baş naziri cənab Fitso ilə enerji məsələləri barədə söhbət etdik. Əgər bu qaz və neft Rusiya mənşəli olmayacaqsa, biz Slovakiyaya tədarük etməyə hazırıq, çünki bizim müharibəmiz var, nöqtə”, – deyə Zelenski qeyd edib.

Onun dediyinə görə, Ukrayna hazırda Rusiyanın enerji obyektlərinə hücumlarına cavab verir.

“Və biz cavab verməyə davam edəcəyik, lakin istəyirik ki, bu müharibə bitsin”, – deyə Zelenski bildirib.

Məlumat üçün bildirək ki, avqust ayında Ukrayna qüvvələri bir neçə dəfə Slovakiya və Macarıstana Rusiya nefti tədarük edən “Drujba” boru kəmərinə hücum edib. Bununla yanaşı, bu gün keçirilən mətbuat konfransında Prezident Zelenski Slovakiyanın Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak edəcəyinə ümid etdiyini bildirib.

“Biz Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini müzakirə etdik və yaxşı haldır ki, Slovakiya bu məsələ ilə bağlı öz mövqeyini müəyyən etməyə hazırdır və bizimlə dialoqa açıqdır,” – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, o, ümid edir ki, Slovakiya Ukraynanın sülh təşəbbüslərini dəstəkləyəcək və Robert Fitsodan bu istiqamətdə çalışacağına dair vəd alıb. Ukrayna lideri, həmçinin, Slovakiyanın yeni təhlükəsizlik sisteminin bir hissəsi olmasının düzgün addım olacağını bildirib.