Vladimir Putin – Qərb ölkələrinin ambisiyaları ədalətli beynəlxalq nizamın formalaşmasına mane olur
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bəzi Qərb ölkələrinin neokolonial ambisiyaları ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin formalaşmasına mane olur. Putin bu barədə “Millətlərin Azadlığı Uğrunda!” hərəkatının Baş Assambleyasının təşkilatçılarına və iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Məlumatı “TASS” agentliyi yayıb.
“Müasir dünya mühüm dəyişikliklər yaşayır. Getdikcə daha çox ölkə çoxqütblülük və real bərabərlik prinsiplərinə əsaslanan ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasını dəstəkləyir. Bu məqsədə nail olunmasına Qərbin bəzi dövlətlərinin neokolonial ambisiyaları ciddi maneə olaraq qalır”, – deyə Rusiya Prezidentinin Kremlin saytında dərc olunan müraciətində bildirilib.
Putinin iddiasına görə, keçmişdə Asiya, Afrika və Latın Amerikası xalqları üzərində birbaşa hökmranlıqdan imtina etməyə məcbur olmuş keçmiş müstəmləkəçi dövlətlər bu gün də həmin region ölkələrinin iqtisadiyyatları üzərində nəzarəti saxlamağa, onların daxili işlərinə müdaxilə etməyə və xarici siyasətlərinə təsir göstərməyə çalışırlar.