Kaxa Kaladze – Poniçaladan 28 ailə hotelə yerləşdirilib, növbəti mərhələdə onlar üçün mənzillər kirayələyəcəyik, sözügedən ev mütləq söküləcək və yeni layihə həyata keçiriləcək

13:07, 20.11.2026

28 ailə, 143 nəfər müvəqqəti olaraq hotelə yerləşdirilib. Növbəti mərhələdə onların heç bir problemlə üzləşməməsi üçün onlar üçün yaşayış evləri kirayələyəcəyik. Bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Kaladzenin sözlərinə görə, sözügedən ev mütləq söküləcək və yeni layihə həyata keçiriləcək.

“Dəhşətli faciə baş verib. Həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı vermək istəyirəm. Bütün bunlar çox ağırdır. Xəsarət alanlara gəlincə, iki uşağın sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara tezliklə sağalmalarını arzulayıram və ümid edirəm ki, bir neçə gün ərzində öz evlərinə qayıdacaqlar.

Dünən də qeyd etdiyim kimi, 28 ailə, 143 nəfər müvəqqəti olaraq hotellərə yerləşdirilib. Növbəti mərhələdə onların heç bir problemlə üzləşməməsi üçün yaşayış evləri kirayələyəcəyik. Məsələnin yekun həllinə gəlincə, sözügedən ev mütləq söküləcək və yeni layihə həyata keçiriləcək. Digər girişlərdə yaşamağa davam edən sakinlər əgər əvəzləmə proqramında iştirak etmək istəsələr, bələdiyyə həmin ərazidə də müvafiq layihəni həyata keçirməyə hazırdır.

Fürsətdən istifadə edərək təcili tibbi yardım qruplarının əməkdaşlarına, ümumilikdə tibb işçilərinə, hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Yanğın-xilasetmə qrupuna, Daxili İşlər Nazirliyinə, bu ağır günlərdə insanların həyatını xilas etmək üçün çalışan bütün qurumların nümayəndələrinə təşəkkür edirəm”, – deyə Kaxa Kaladze bildirib.

Oxşar