Türk hərbiçiləri Afrində Burseya strateji yüksəkliyi bir daha ələ keçirdi
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində strateji Burseya dağını terrorçulardan təmizləyib.
Gecə saatlarında başlayan əməliyyat az əvvəl başa çatıb.
Burseya dağı Afrin şəhərinin şimal-qərbində yerləşir. Beton qüllələr və sığınacaqların yaradıldığı bu dağdan terrorçular Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif Azad Suriya Ordusunun nəzarətində olan Azez şəhərini atəşə tutub. Bu yüksəkliyin alınması həm də Afrin şəhərinin mühasirəyə alınması istiqamətində ilk addım sayılır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Afrin əməliyyatı zamanı ümumilikdə 484 terrorçu məhv edilib.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.