Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək
2026-cı il noyabrın 17-də Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə, “Study in Azerbaijan” layihəsi çərçivəsində baş tutacaq.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məlumatına görə, sərginin əsas məqsədi Gürcüstanda yaşayan şagirdləri, abituriyentləri, tələbələri və valideynləri Azərbaycanın ali təhsil sistemi, universitetləri, təhsil proqramları, ixtisasları və qəbul şərtləri barədə məlumatlandırmaqdır. Bununla yanaşı, tədbir iştirakçılara Azərbaycan universitetlərinin nümayəndələri ilə birbaşa görüşmək imkanı yaradacaq.
Sərgi çərçivəsində ziyarətçilər Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. Onlar universitetlərdə mövcud olan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, eləcə də tələbə həyatı barədə ətraflı məlumat alacaqlar. Maraqlanan şəxslər suallarını birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər.
Təhsil sərgisi 2026-cı il noyabrın 17-də saat 10:00-dan 18:00-dək Tbilisidə yerləşən “Swissôtel Tbilisi” hotelində keçiriləcək.
“Gürcüstanda yaşayan və Azərbaycanda ali təhsil almaq imkanları ilə maraqlanan bütün şəxsləri sərgidə iştirak etməyə dəvət edirik”, – deyə məlumatda bildirilir.