“SpaceX” şirkətində bildirirlər ki, Ukraynada “Starshield” sisteminin sürətinə məhdudiyyət qoyulması texniki problemlərlə bağlıdır
“SpaceX” şirkəti “Starshield” sisteminin sürətinin məhdudlaşdırılmasını texniki problemlərlə izah edib.
Bu barədə Ukrayna mediası PBS-ə istinadən məlumat yayıb. PBS jurnalisti məlumatı ABŞ-da Ukrayna işləri üzrə müvəqqəti işlər vəkili Denis Senikə istinadən yayıb.
“Ukrayna tərəfi “SpaceX” şirkəti ilə Ukrayna hərbçilərinin təmas xətti boyunca və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində üzləşdikləri sürət məhdudiyyəti ilə bağlı əlaqə saxlayıb. Şirkətdən onlara bunun texniki problem olduğu bildirilib, Denis Senik mənə belə deyib. Kiyev işğal altındakı ərazilərdə sürətin artıq beş gündür ardıcıl olaraq niyə məhdudlaşdırıldığı ilə bağlı əlavə izahat almayıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Starlink” sisteminin işləmə sürətinin məhdudlaşdırılması ilə Ukrayna hərbçiləri hələ oktyabr ayında qarşılaşıblar. Pilotsuz uçuş aparatlarının sürəti saatda 160 kilometrdən çox olduqda əlaqə kəsilirdi. Ukrayna hərbçilərinin bildirdiyinə görə, bu, əməliyyatların keçirilməsini xeyli çətinləşdirir və dronların itirilməsinə səbəb olurdu. Oktyabrın sonunda Ukraynada “Starlink” sisteminin fəaliyyəti normal rejimə qayıdıb, lakin noyabrın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin “Starshield” sisteminin işində yenidən “əhəmiyyətli fasilələr” qeydə aldıqlarını bildirib.