Rumıniyanın xarici işlər naziri bildirir ki, Buxarest Azərbaycan, Ermənistan və Türkiyə ilə Qara dəniz regionunun təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır

16:20, 16.11.2026

Rumıniya Azərbaycan, Ermənistan və Türkiyə ilə Qara dəniz regionunun təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır. Bu barədə Rumıniyanın xarici işlər naziri Dan Nekulaesku Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının iclası başa çatdıqdan sonra Qara dəniz regionunda təhlükəsizlik və nəqliyyat əlaqələrinin gücləndirilməsinə həsr olunmuş ayrıca nazirlər görüşü keçiriləcək. Görüşdə Türkiyə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iştirak edəcəklər.

“Nəqliyyat əlaqələrinin inkişafı ilə yanaşı, təhlükəsizlik məsələlərini də müzakirə etmək vacibdir. Bunun böyük əhəmiyyəti var və tərəfdaşlarımızın fikirləri də bizim üçün çox önəmlidir”, – deyə Rumıniyanın xarici işlər naziri bildirib.

Nekulaeskunun sözlərinə görə, Buxarest regional tərəfdaşlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşün əsas istiqamətlərindən biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və regional nəqliyyat əlaqələrinin inkişafı olacaq.

Bununla yanaşı, Buxarest Qara dəniz Təhlükəsizliyi Mərkəzinin fəaliyyətə başlamasının sürətləndirilməsini dəstəkləyir. Avropa Komissiyası bu məqsədlə Rumıniya və Bolqarıstana 50 milyon avro ayırmağı öhdəsinə götürüb.

Oxşar