Polşanın Krakov şəhərinin mərkəzi meydanında altı nəfəri öldürən hücumçu xəstəxanada vəfat edib
Polşanın Krakov şəhərinin mərkəzi meydanında altı nəfəri qətlə yetirən silahlı şəxs xəstəxanada vəfat edib. Bu barədə CNN məlumat yayıb.
Hücumçu polis əməkdaşları tərəfindən güllələnib. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan şəxs bir neçə əməliyyat keçirib.
Hadisə ilə əlaqədar Polşada noyabrın 11-dək matəm elan olunub, təhlükəsizlik tədbirləri isə gücləndirilib. Hakimiyyət orqanlarının bildirdiyinə görə, hücumun ifrat sağçı ideologiya zəminində törədildiyi ehtimal olunur.
Polisin məlumatına görə, Polşanın 25 yaşlı vətəndaşı avtomobillə Krakovun mərkəzi meydanına daxil olaraq ətrafa atəş açıb.
Atışma nəticəsində altı nəfər həlak olub, 16 nəfər yaralanıb. Yaralananlar arasında vəziyyətləri stabil olan iki polis əməkdaşı və beş xarici ölkə vətəndaşı da var.
Bununla yanaşı, Polşanın Ostrovets-Sventokşiski şəhərində hücumçunun yaşadığı evdə üç nəfərin meyiti aşkarlanıb. Polisin məlumatına görə, onlar hücumçunun bacısı, anası və atasıdır. Prokurorluqdan bildirilib ki, hər iki hadisədə qətlləri, böyük ehtimalla, eyni şəxs törədib. Araşdırma davam edir.
Polis hadisə yerlərindən 11 odlu silah götürüb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hücumçunun hərbçi olması ilə bağlı məlumatı təkzib edib. Nazir bildirib ki, həmin şəxsin ordu ilə heç vaxt heç bir əlaqəsi olmayıb.