Pedro Sançes – Avropa İttifaqının müharibəyə hazırlıq siyasətini dəstəkləməsi təhlükəli militarist düşüncəni gücləndirir
“Artıq mərkəzçi liderlər də müharibəyə hazırlıq ritorikasından istifadə edirlər. Onlar müharibənin başlanmasını istəməsələr də, səsləndirdikləri fikirlər təhlükəli militarist düşüncəni gücləndirir”, – deyə İspaniyanın Baş naziri bildirib.
Sançes müharibəyə qarşı mövqeyini İspaniya vətəndaş cəmiyyətinin uzun illər davam edən müharibə əleyhinə hərəkatı ilə əlaqələndirir. O, 2003-cü ildə Xose Mariya Asnarın rəhbərlik etdiyi mühafizəkar hökumətin İraqa hərbi müdaxiləni dəstəkləməsindən sonra İspaniyada kütləvi etiraz aksiyalarına səbəb olan “Müharibəyə yox!” hərəkatını xatırladır. Sançes həmin dövrdə keçirilən nümayişlərdə özünün də iştirak etdiyini bildirir. Bununla yanaşı, Pedro Sançes müasir dünyada nikbin olmaq üçün ciddi əsaslar görmədiyini qeyd edir.
“Bu yolun sonu daha bir dünya müharibəsinə aparır”, – deyə sosialist lider yazır və planetin məhv olmaq təhlükəsindən danışır.
Hökumətinin xarici siyasətə dair mövqeyini ümumiləşdirdiyi məqalədə İspaniyanın Baş naziri çoxtərəfli əməkdaşlıq sisteminin zəifləməsinin “istənilən böhranın qısa müddətdə planetar miqyaslı fəlakətə çevrilməsi ehtimalını artırdığını” bildirir.
Məqalədə Sançes hökumətinin qərarlarını, o cümlədən Madridin ABŞ-ın İrana qarşı müharibədə İspaniyada yerləşən hərbi bazalardan istifadə etməsinə icazə verməmək qərarını müdafiə edir.
“Bu, müttəfiqə qarşı düşmənçilik aktı deyildi. Nə neytrallıq nümayişi, nə də İran rejiminə rəğbət ifadəsi idi”, – deyə Sançes yazır.
Onun sözlərinə görə, bu qərar münaqişəyə qoşulmağın gərginliyi daha da artıracağı qənaətinə əsaslanırdı. Sançes qeyd edir ki, “sülhə sadiqliyini qorumaq üçün İspaniya siyasi bədəl ödəmək bahasına olsa belə, imtina etməyə hazır olduğunu nümayiş etdirməli idi”.
“Başqa ölkələr də eyni addımı atsaydılar, Qəzzada və İranda müharibə aparmaq xeyli çətin və baha başa gələrdi”, – deyə Pedro Sançes bildirib.
Bununla yanaşı, Baş nazir məqaləsində xüsusi məqsədlər üçün yaradılan beynəlxalq birliklərə, o cümlədən Ukraynaya dəstəyi gücləndirmək öhdəliyi götürmüş 34 ölkəni birləşdirən “Könüllülər koalisiyası”na şübhə ilə yanaşır. Sançes bu cür təşəbbüslərin çoxtərəfli beynəlxalq əməkdaşlıq sisteminin səmərəsizliyindən irəli gəldiyini düşünür.
Məqalədə İspaniyanın Baş naziri beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatında islahatlar aparmağa çağırır. Onun fikrincə, dəyişikliklər BMT Təhlükəsizlik Şurasını da əhatə etməlidir, çünki mövcud Şura “bugünkü dünyanı əks etdirmir”. Sançes Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun, xüsusilə “kütləvi vəhşiliklər, soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri” ilə bağlı hallarda ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir. Bununla yanaşı, o, gələcəkdə veto hüququnun tamamilə ləğv edilməsini dəstəkləyir. İspaniyanın Baş naziri, həmçinin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin səlahiyyət müddətinin artırılmasını və yerlərin əsasən Afrika və Latın Amerikası ölkələrinə ayrılmasını təklif edir.