Paata Salia – müvafiq qurumlar digər şəxslərin Peikrişvilinin kamerasında hansı səbəbdən olduqlarını müəyyən etməlidirlər
Ümumilikdə, məhbusların sayına görə, penitensiar müəssisələrdə sıxlıq yoxdur. Lakin iki müəssisədə müəyyən hallarda sıxlıq müşahidə olunur. Bu barədə ədliyyə naziri Paata Salia jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Paata Salia təqsirləndirilən qardaşlar – Davit və Giorgi Peikrişvilinin işi ilə bağlı da danışıb və qeyd edib ki, müvafiq qurumlar digər şəxslərin Peikrişvilinin kamerasında hansı səbəbdən olduqlarını müəyyən etməlidirlər.
“Bu konkret hala gəlincə, bilirik ki, 8 saylı müəssisədə məhbusların sayı müəyyən edilmiş həddi aşır. Lakin konkret olaraq Peikrişvililərin işi barədə danışarkən, digər şəxslərin Peikrişvili ilə eyni kamerada olmasının səbəbinin bu amillə nə dərəcədə bağlı olduğunu bilmirəm. Bu şəxslər arasında əvvəllər qarşıdurmanın olub-olmadığını bilmirəm, bunlar, ümumiyyətlə, dolaşan şayiələrdir. Hər kəs istənilən açıqlamanı verə bilər. Bu halların baş verib-vermədiyini son nəticədə istintaq müəyyən etməlidir. Mənə məlum olmayan və hansısa tərəfin müəyyən spekulyasiyalar üçün istifadə edə biləcəyi təfərrüatlar barədə danışmaq imkanım yoxdur. Məhkəmə tərəfindən müəyyən edilməmiş faktlarla bağlı sizə cavab verə bilmərəm”, – deyə Paata Salia qeyd edib.