Nikol Paşinyan Ermənistan hökumətinin “Tramp marşrutu” layihəsinin icrasına artıq başladığını bəyan edib

16:47, 02.11.2026

Ermənistan hökuməti artıq “Tramp marşrutu” layihəsinin icrasına başlayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti sonrakı proseslərin təşkilini gözləmədən, öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrikötürücü xətlərin layihələndirilməsi işlərinə başlayacaq.

“Biz vaxt itirmək istəmirik. “Tramp marşrutu”nun inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək. Əminliklə və birmənalı şəkildə demək olar ki, “Tramp marşrutu” layihəsi nəticəsində Ermənistan bütün istiqamətlər üzrə blokadadan çıxacaq: həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində. Lakin bütün bu istiqamətlər üzrə blokadadan çıxmaq o demək deyil ki, bütün infrastruktur “Tramp marşrutu” layihəsinin tərkib hissəsi olacaq. “Tramp marşrutu” layihəsinə Nrnadzor-Qarçevan dəmir yolu, həmçinin elektrikötürücü xətlər və avtomobil yolu daxildir. Qaz kəmərləri və neft kəməri ilə bağlı məsələlər isə daha sonra müzakirə olunacaq”, – deyə Ermənistanın Baş naziri bildirib.

 

Oxşar