Mikro və kiçik biznesin dəstəklənməsi proqramında iştirak üçün müraciətlərin qəbulu başlayıb. Sahibkarlar üçün maliyyələşdirmə limiti 20 000 laridən 50 000 lariyə qədər artırılıb
Mikro və kiçik biznesin dəstəklənməsi proqramında iştirak üçün müraciətlərin qəbulu başlayıb. Bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Bələdiyyə Hökumətinin iclasında məlumat verib.
Onun sözlərinə görə, sənədlərin qəbulu noyabrın 12-dək davam edəcək.
“Mikro və kiçik biznesin dəstəklənməsi Tbilisi meriyasının əsas prioritetlərindən biridir. Məqsədimiz yerli sahibkarlara dəstək olmaq, onların fəaliyyətini gücləndirmək və biznesin inkişafı üçün daha geniş imkanlar yaratmaqdır. Mikro və kiçik biznesin dəstəklənməsi proqramı çərçivəsində bu gündən müraciətlərin qəbulunun üçüncü mərhələsinə başlanılır. Müraciətlər noyabrın 12-dək qəbul ediləcək”, – deyə Kaxa Kaladze bildirib.
Onun məlumatına görə, ötən il fəaliyyətə başlayan proqram çərçivəsində artıq 80 sahibkara maliyyə dəstəyi göstərilib.
“Bu il proqramın büdcəsi və hər bir benefisiar üçün nəzərdə tutulan maliyyələşdirmə limiti artırılıb. Ötən il maksimum maliyyələşdirmə məbləği 20 000 lari idisə, bu il həmin məbləğ 50 000 laridir. Bu da sahibkarlara zəruri avadanlıq və qurğular almaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq və istehsal həcmini artırmaq imkanı verir”, – deyə Tbilisi meri qeyd edib.
Bununla yanaşı, proqramın şərtləri də yaxşılaşdırılıb və daha bir yenilik əlavə olunub. Əvvəlki mərhələdə illik gəlirinin yuxarı həddi 500 000 lari olan müəssisələr maliyyələşdirilirdisə, indi dövriyyəsi 1 milyon laridək olan sahibkarlar da proqramdan yararlana biləcəklər. Proqram çərçivəsində meriya tələb olunan məbləğin 70-90 faizini birgə maliyyələşdirəcək.
Proqramdan Tbilisidə qeydiyyatda olan, öz fəaliyyəti üçün zəruri avadanlıq və qurğular almaq istəyən mikro və kiçik sahibkarlar yararlana bilərlər.