Metro vaqonlarının əsaslı təmiri ilə bağlı tenderlərdən külli miqdarda vəsaitin mənimsənilməsi işi üzrə dörd nəfər saxlanılıb. Onlardan üçü barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə 2 milyon lari girov müqabilində azadlıqda qalacaq

18:21, 16.11.2026

Gürcüstan Prokurorluğu mütəşəkkil dəstə tərəfindən qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus külli miqdarda vəsaitin qanunsuz mənimsənilməsi, saxta rəsmi və vergi sənədlərinin hazırlanması və istifadəsi faktları üzrə dörd nəfəri saxlayıb.

Bu barədə Prokurorluq məlumat yayıb.

“Gürcüstan Baş Prokurorluğunun Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentində Tbilisi Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin müraciəti əsasında istintaqa başlanılıb. İstintaq nəticəsində müəyyən edilib ki, “Elektrik Hərəkət Tərkibinin Təmir Zavodu” ASC-nin Tbilisi filialının direktoru Gela Dzidzikashvili, həmin səhmdar cəmiyyətin texniki direktoru Mamuka Nozadze, eyni müəssisənin payının faktiki sahiblərindən biri Paata Svanidze, “Saçino” MMC-nin direktoru və “İntrans” MMC-nin direktoru Ruslan Demurov “Tbilisi Nəqliyyat Şirkəti” MMC tərəfindən metro vaqonlarının əsaslı təmiri, modernləşdirilməsi və komplektləşdirici hissələrin satın alınması üçün 2017-2024-cü illərdə 27 tender çərçivəsində ayrılmış 145 367 365 laridən 41 105 298 larini qanunsuz olaraq mənimsəyiblər.

Qanunsuz əməlin həyata keçirilməsi məqsədilə təqsirləndirilən şəxslər “Saçino” MMC-ni qeydiyyatdan keçiriblər. Bu şirkətin adından metro vaqonlarının komplektləşdirici hissələri Gürcüstana süni şəkildə artırılmış qiymətlə və saxta sənədlərdən istifadə edilməklə, “İntrans” daşıyıcı şirkəti vasitəsilə idxal olunub. Daha sonra “Saçino” MMC saxta vergi sənədlərinin hazırlanması və istifadəsi yolu ilə idxal olunan malları üç dəfə artırılmış qiymətlə “Tbilisi Nəqliyyat Şirkəti”nə təqdim edib.

Həmin cinayət işi üzrə məhkəmə qərarı əsasında saxlanılan dörd nəfərə Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci hissəsinin “d” bəndi, üçüncü hissəsinin “a” və “b” bəndləri, 362-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 210-cu maddəsinin ikinci hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələr 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Saxlanılanlardan üç nəfər barəsində həbs qətimkan tədbiri, bir nəfər barəsində isə 2 milyon lari məbləğində girov seçilib. Cinayət işi üzrə istintaq cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyən edilməsi məqsədilə davam etdirilir”, – deyə Prokurorluğun məlumatında qeyd olunub.

Oxşar