Marko Rubio Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda irəliləyiş əldə olunduğunu bəyan edir

11:08, 09.11.2026

ABŞ-ın dövlət katibi Marko Rubio Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirib. Rubionun sözlərinə görə, bu məsələ ilə bağlı hələlik yekun razılıq əldə olunmayıb, lakin müəyyən irəliləyiş var. 

“Rusiya və Ukrayna ilə bağlı müzakirələr apardığımız bütün bu müddət ərzində bir məsələ daim gündəmə gəlir – təhlükəsizlik zəmanətlərinə ehtiyac. Müharibədən sonra Ukraynanın və daha geniş mənada Avropa qitəsinin təhlükəsizlik sistemi necə olacaq? Bu, bütün müzakirələrdə daim diqqət mərkəzində olan əsas məsələlərdən biridir”, – Rubio qeyd edib. 

Onun sözlərinə görə, ötən həftə Donald Trampa bu sistemin mümkün forması ilə bağlı ilkin baxışlar təqdim edilib. Rubio bildirib ki, bunun üçün ilk növbədə müharibə başa çatmalıdır. 

Rubio İranla aparılan danışıqlara da toxunub və bildirib ki, ABŞ prezidenti bütün problemlərin diplomatik yolla həllinə üstünlük verir, lakin bu, daim mümkün olmur. 

“Hazırda bu danışıqlar o qədər də nəticə vermir, çünki İranın tələbləri qəbuledilməz olmaqla yanaşı, bəzi hallarda absurddur və reallıqdan uzaqdır”, – ABŞ-ın dövlət katibi bildirib. 

Bununla yanaşı, Marko Rubio Donald Trampın İranla qarşıdurma ilə bağlı qərarını dəstəkləyib. 

“Prezident bu ölkənin qarşısında mövcud olan çox ciddi və real təhlükəni üzə çıxardı. Bu təhlükə uzun müddətdir mövcuddur və prezident bu təhlükə ilə mübarizə apardı. Baxmayaraq ki, ölkə üçün düzgün olan qərarlar çox vaxt rəğbətlə qarşılanmır, lakin zəruridir”, – Rubio bildirib. 

 

Oxşar