Levan Maxaşvili – Müxalifət partiyalarının hansı formada, hansı adla və hansı nömrə altında təmsil olunmasının fərqi yoxdur, bu, əsas məqsədi Gürcüstan demokratiyasına zərər vurmaq olan vahid qüvvədir
Parlamentin Avrointeqrasiya Komitəsinin sədri Levan Maxaşvilinin sözlərinə görə, müxalifət partiyaları əslində əsas məqsədi demokratiyaya zərər vurmaq olan vahid qüvvəni təmsil edirlər.
Maxaşvilinin bildirdiyinə görə, müxalifət partiyalarının hansı nömrə və ad altında təmsil olunmasının fərqi yoxdur, çünki onların hamısının “zorakılıq kökləri” var.
“Müxalifət birliyinə ayrı-ayrılıqda baxmaq olmaz. Bu, vahid ağacdır. Onun bir budağının bu tərəfə, yaxud digər tərəfə yönəlməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu ağac, yəni bu orqanizm radikallaşma köklərinə, Gürcüstan siyasətində zorakılıq köklərinə əsaslanır. Qalan məsələlərin heç bir əhəmiyyəti yoxdur: bir budaq kəsiləcək, çiçəklənəcək, yoxsa quruyacaq. Çünki bu ağac vahid mexanizmdir və vahid zorakı ideologiyaya əsaslanır. Bu ideologiya Gürcüstanın konstitusion prinsipləri və dəyərləri ilə birbaşa ziddiyyət təşkil edir. Məhz buna görə də Konstitusiya Məhkəməsində iddiaya baxılır. Onların hansı formada, hansı adla, hansı nömrə və hansı rəng altında təmsil olunmasının əhəmiyyəti yoxdur. Bu illər ərzində gördük ki, lazım gəldikdə bir araya gəlir, yaxud parçalanırdılar. Görünür, indiki qondarma parçalanma taktiki xarakter daşıyır və ya daxili qarşıdurma ilə bağlıdır. Təəssüf ki, Gürcüstan demokratiyası baxımından bu, əsas məqsədi Gürcüstanın siyasi proseslərinə və demokratiyasına zərər vurmaq olan vahid qüvvədir”, – Levan Maxaşvili bildirib.