Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təşkilat çərçivəsində səsvermə hüququnu müvəqqəti dayandıra bilər

15:18, 04.11.2026

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təşkilatda səsvermə hüququnu dayandıra bilər. Bu barədə təşkilatın baş katibi Taalatbek Masadikov Minskdə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, təşkilatın Şurası Ermənistanın səsvermə hüququnun dayandırılması, eləcə də kvota üzrə vəzifələrə bu ölkə vətəndaşlarının namizədliklərinin irəli sürülməsinin dayandırılması məsələlərini nəzərdən keçirə bilər.

“Onlar artıq üç ildir ki, təşkilatın fəaliyyətində fəal iştirak etmirlər. Bununla belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin daimi nümayəndələrinin hər həftə keçirilən görüşlərində iştirak ediblər. Rusiya Federasiyası tərəfindən təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq olunması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Bu, üzvlük haqqının ödənilməsi və tədbirlərdə iştirak etməmə ilə bağlıdır. Artıq üçüncü ildir ki, onlar iştirak etmirlər”, – Masadikov bildirib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətlər iki il ərzində büdcə qarşısında yaranmış borclarını ödəmək öhdəliklərini yerinə yetirmədikdə, Şura həmin dövlətin vətəndaşlarının təşkilatda kvota üzrə vəzifələrə namizədliklərinin irəli sürülməsi hüququnu dayandırmaq, eləcə də borc tam ödənilənədək onların səsvermə hüququnu dayandırmaq barədə qərar qəbul edir.

Oxşar