Kaya Kallas – Əgər Rusiyanın təhlükəsizlik arxitekturası ilə bağlı hansı tələblər irəli sürdüyünü müzakirə etməyə başlasaq, faktiki olaraq Rusiyanın qurduğu tələyə düşmüş olarıq

17:57, 13.11.2026

 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı məsələlərin müzakirəsinə başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmalıdır.

“Rusiyanın təhlükəsizlik arxitekturası ilə bağlı hansı tələblər irəli sürdüyünü müzakirə etməyə başlasaq, faktiki olaraq, Rusiyanın qurduğu tələyə düşmüş olarıq. Bu halda diqqəti əsas məsələdən yayındırmış olacağıq. Axı hələ atəşkəs əldə olunmayıb, biz isə Rusiyanın tələblərini dinləməyə başlayacağıq. Gəlin, diqqətimizi mövcud vəziyyətə yönəldək: qarşımızda bir təcavüzkar və bir qurban var. Təcavüzkarın təhlükəsizliklə bağlı heç bir problemi yoxdur və ona heç vaxt hücum edilməyib. Əksinə, özü başqalarına hücum edir. Xahiş edirəm, diqqətimizi əsas məsələyə yönəldək”, – deyə Kallas bildirib.

Kallas ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin sülh danışıqlarında Avropa nümayəndələrinin də iştirak edəcəyi ilə bağlı bəyanatını müsbət qiymətləndirib. O, Avropa İttifaqının danışıqlar prosesinə real təsir göstərmək imkanına malik olacağına ümid etdiyini bildirib. Kallasın sözlərinə görə, Avropa İttifaqı ardıcıl mövqeyini qorumalı, atəşkəsə nail olunmasını və sülh sazişinin əldə edilməsini digər məsələlərin müzakirəsindən üstün tutmalıdır.

Oxşar