İran Xarici İşlər Nazirliyi – Ermənistan Tehrana zəmanət verib ki, “Tramp marşrutu” çərçivəsində ABŞ hərbçiləri yerləşdirilməyəcək

14:52, 09.11.2026

Ermənistan İrana zəmanət verib ki, nəqliyyat layihəsi olan “Tramp marşrutunun” həyata keçirilməsi regionun beynəlxalq sərhədlərinin və geosiyasi konfiqurasiyasının dəyişməsinə səbəb olmayacaq, tikinti işlərini Ermənistan şirkətləri həyata keçirəcək, layihənin ərazisində isə ABŞ hərbçiləri yerləşdirilməyəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Tehran layihədə ABŞ-ın iştirakının və bunun regionun təhlükəsizliyinə mümkün təsirinin doğurduğu narahatlığı əvvəldən İrəvanın diqqətinə çatdırıb.

Bəqayi qeyd edib ki, İran regionda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Bununla belə, hesab edir ki, bu cür layihələr beynəlxalq səviyyədə tanınmış sərhədlərin və regionun geosiyasi vəziyyətinin dəyişməsinə səbəb olmamalıdır.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Tehran layihənin həyata keçirilməsini diqqətlə izləyir. Çünki İranın qiymətləndirməsinə əsasən, ABŞ-ın regionda mövcudluğu və müdaxiləsi ölkənin təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Bununla yanaşı, Bəqayi bildirib ki, İran Ermənistanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və zərurət yaranarsa, layihədə iştirak edən tərəflərə öz mövqeyini yenidən çatdıracaq.

Oxşar