İran ordusunun mətbuat katibi – İrana qarşı hər hansı yeni təcavüz Qərbi Asiya regionunun hüdudlarını aşacaq cavab tədbirlərinə səbəb ola bilər

17:07, 02.11.2026

İrana qarşı istənilən yeni təcavüz Qərbi Asiya regionunun hüdudlarından kənara çıxacaq cavab tədbirlərinə səbəb ola bilər. Bu barədə İran ordusunun mətbuat katibi, briqada generalı Məhəmməd Əkrəminiya bəyan edib.

İranlı hərbi rəsmənin sözlərinə görə, İran əməliyyat hazırlığını gücləndirib, düşmən hədəflərinə dair məlumat bazasını yeniləyib və istənilən mümkün təhlükəyə hazır olmaq məqsədilə müdafiə və hücum imkanlarını genişləndirib.

İran ordusunun nümayəndəsi bildirib ki, silahlı qüvvələrin ali baş komandanının göstərişlərinə uyğun olaraq, İran ABŞ və İsrailə məxsus bütün növ maddi və qeyri-maddi aktivlərə dair hədəf məlumat bazasını yeniləyir. Məhəmməd Əkrəminiya vurğulayıb ki, İrana qarşı yeni hərbi avantüraya əl atılacağı təqdirdə, ABŞ-yə məxsus obyektlər, texnika, qüvvələr və maraqlar İran silahlı qüvvələrinin zərbə endirmək imkanına malik olduğu istənilən yerdə hədəfə çevrilə bilər.

Əkrəminiya həmçinin bildirib ki, mümkün müharibə əvvəlkindən xeyli uzun çəkə bilər və ABŞ Prezidenti münaqişənin müddətini və ya onun başa çatma şərtlərini təkbaşına müəyyən edə bilməyəcək.

Oxşar